Tez-tez verilən suallar
Pasiyentlərin ən çox soruşduğu suallar. Cavablar ümumi məlumatlandırma xarakteri daşıyır — dəqiq qiymətləndirmə üçün müayinə lazımdır.
Müayinə və qəbul
Ginekoloqa nə vaxt müraciət etmək lazımdır?
Şikayət olmasa belə, profilaktik müayinə ildə ən azı bir dəfə aparılmalıdır. Bundan əlavə, aşağıdakı hallarda müayinəni gözlətməyin: aybaşı tsiklində davamlı pozulma, qeyri-adi ifrazat, qarın və ya çanaq nahiyəsində ağrı, tsikldən kənar qanaxma, hamiləlik planlaması və ya hamiləlik şübhəsi.
Qəbula necə yazılmaq olar?
Qəbula öncədən yazılmaq lazımdır. +994 70 490 32 72 nömrəsinə zəng edə və ya WhatsApp vasitəsilə yaza bilərsiniz.
Qəbul saatları necədir?
Sabunçu Tibb Mərkəzi — 09:00–16:00. International 2 Klinikası — 16:00–17:00 (Bakı, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 11B).
Müayinəyə necə hazırlaşmaq lazımdır?
Əlinizdə olan əvvəlki analiz və USM nəticələrini, qəbul etdiyiniz dərmanların siyahısını və son aybaşının tarixini özünüzlə gətirin. Bu məlumatlar müayinəni daha dəqiq edir.
Hamiləlik
Hamiləlik boyu neçə dəfə USM olunmalıdır?
Standart qrafikdə üç əsas müayinə var: 11–13+6 həftə (DNT, birinci skrininq), 18–22 həftə (anomaliya USM-i) və 28–32 həftə (üçüncü trimestr USM-i). Əlavə olaraq 6–8 həftədə hamiləliyin təsdiqi, 36–38 həftədə isə doğuş öncəsi qiymətləndirmə aparıla bilər.
Hamiləlikdə nə qədər su içmək lazımdır?
Gündəlik 3–3,5 litr su məsləhət görülür. Su içməkdə çətinlik çəkirsinizsə, yanınızda şüşə saxlayıb yudumlamağa cəhd edin — bu üsul mədədə şişkinlik və toxluq hissinin qarşısını alır.
Hamiləlikdə çəki nə qədər artmalıdır?
Normada 40 həftə ərzində bədən kütləsi 9–12 kq artır. Bundan yuxarı göstəricilər qidalanmanın pozulması, gecikmiş toksikoz, böyrək patologiyaları və ya şəkərli diabetdən xəbər verə bilər və nəzarət tələb edir.
Hamiləlik zamanı niyə tez-tez xəstələnirəm?
Hamiləlik zamanı immun sistemi qismən zəifləyir — bu, hamiləliyin saxlanması üçün təbii bir mexanizmdir. Nəticədə infeksion və soyuqdəymə xəstəliklərinə meyil artır, bəzi qadınlarda göbələk infeksiyası oyanır, xroniki xəstəliklər kəskinləşə bilər.
Hamiləlikdə hematoma təhlükəlidirmi?
Hematomaların hamısı eyni dərəcədə təhlükəli deyil. Ölçü, yerləşmə və hamiləliyin həftəsi nəzərə alınaraq bəziləri sadəcə nəzarət tələb edir, bəziləri isə müalicə. Qiymətləndirmə USM ilə aparılır.
Doğuş
Doğum evinə nə vaxt getməli?
Əsl sancılar ritmli olur: aralarındakı müddət əvvəlcə 30–20 dəqiqə, sonra 10 dəqiqə olur. Sancılararası müddət 10 dəqiqəyə enəndə doğum evinə gedin. Qanaxma olarsa və ya dölətrafı maye axarsa, sancıları gözləmədən birbaşa doğum evinə yollanın.
Keysəriyyədən sonra təbii doğuş mümkündürmü?
Hər hal ayrıca dəyərləndirilir: əvvəlki əməliyyatın səbəbi, çapığın vəziyyəti, hamiləliyin gedişi və körpənin ölçüsü nəzərə alınır. Qərar müayinə və USM nəticələri əsasında birlikdə verilir.
Təbii doğuş, yoxsa keysəriyyə — hansı daha yaxşıdır?
Universal cavab yoxdur. Keysəriyyə təbii doğuşun riskli olduğu hallarda həyat qurtarıcı ola bilir, doğuş yollarının travmasının qarşısını alır və daha qısa çəkir. Təbii doğuş isə uyğun hallarda bərpanı asanlaşdırır. Seçim hamiləliyin gedişi və müayinə nəticələri ilə müəyyən edilir.
Ginekoloji xəstəliklər və profilaktika
Spiral gələcəkdə sonsuzluğa səbəb olurmu?
Spiral uzunmüddətli və təhlükəsiz qorunma üsuludur; çıxarıldıqdan sonra məhsuldarlıq bərpa olunur. Uyğunluq fərdi müayinə ilə müəyyən edilir.
Bütün poliplər təhlükəlidirmi?
Xeyr. Polip sözü narahatlıq yaratsa da, bütün poliplər təhlükəli deyil. Əsas olan onların hansı hallarda diqqət tələb etdiyini vaxtında müəyyən etməkdir — bunu müayinə və USM aydınlaşdırır.
HPV testini kimlər və nə vaxt etdirməlidir?
Hər bir qadının ildə ən az bir dəfə PAP-smear və HPV testindən keçməsi tövsiyə olunur. HPV çox vaxt simptomsuz keçir və yalnız rutin müayinədə aşkar olunur.
Gardasil 9 peyvəndi kimlər üçün uyğundur?
9 yaşdan 45 yaşa qədər qadın və kişilər üçün. Ən yüksək qoruma cinsi həyata başlamamış şəxslərdə əldə olunur, lakin cinsi aktiv qadınlara və HPV pozitiv olanlara da tətbiq edilir — çünki peyvənd digər tiplərdən qoruyur.
Nə vaxtdan sonra sonsuzluqla bağlı müraciət etmək lazımdır?
Bir il ərzində müntəzəm qorunmamış cinsi əlaqələr hamiləliklə nəticələnməyibsə, bu sonsuzluq kimi qiymətləndirilə bilər. Müntəzəm aybaşısı olmayan və 35 yaşdan yuxarı qadınlar artıq 6 aydan sonra müraciət etməlidirlər.
Ovulyasiya nə vaxt baş verir?
Aybaşı tsikli 28–35 gün arasında dəyişir. Ovulyasiya aybaşının ilk günündən hesablanmaqla 11–21-ci, orta hesabla 14-cü gündə baş verir. Hamilə qalmaq ehtimalı bu dövrdə artır.
Cavabını tapmadığınız sual var?
Zəng edin — sualınızı qəbul zamanı ətraflı cavablandıraq.